“Klinik protokolların tətbiqi, yoxlanılması və hesabatlılığı”mövzusunda təlim keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Klinik protokolların tətbiqi, yoxlanılması və hesabatlılığı” mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva tərəfindən keçirilib. Təlimdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının və tabeli tibb müəssisələrinin kliniki protokollar üzrə məsul şəxsləri iştirak ediblər.
Kəmalə Ağayeva təqdimatla çıxış edərək əsas məqsədin beynəlxalq tövsiyələrə əsaslanan, adaptasiya olunmuş klinik protokolların praktik səhiyyədə tətbiqi, tətbiqinin əhəmiyyəti (həkim, pasiyent, tibb müəssisəsi və səhiyyə sistemi üçün), klinik protokolların tətbiqi zamanı baryerlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi olduğunu vurğulayıb.
Kəmalə Ağayeva onu da qeyd edib ki, səhiyyə sisteminin bütün sahələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və izlənilməsində rəhbərlər və mütəxəssislərlə birgə tədbirlərin təşkili zəruridir. Bu tədbirlərə dəstək göstərilməsi məqsədilə klinik protokolların tətbiqinin monitorinqi və qiymətləndirilməsi üçün tibbi heyət öz təkliflərini qeyd etməlidirlər.
Xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası və idarəolunmasını asanlaşdırmaqla yanaşı, ağırlaşma və ölüm risklərini minimuma endirmək, maliyyə xərclərini azaltmaq, eləcə də kliniki protokolların tətbiqi prosesinin təkmilləşdirilməsi və tətbiqinə nəzarətin həyata keçirilməsini sürətləndirmək məqsədilə praktik həkimlər tərəfindən təsdiq edilmiş tövsiyələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
O, həmçinin klinik protokolların tətbiqi və nəzarəti üçün işlək mexanizmin qurulması, tətbiqin monitorinqinin təmin olunması, effektivliyinin analizi və bu sahədə elektron sənədləşmənin yaradılmasının əsas hədəflərdən olduğunu qeyd edib.
Görüş interaktiv formatda davam edərək, sual-cavab sessiyası ilə yekunlaşıb.