İngiltərə millisi dörddəbir finalda Fransaya rəqib olub

İngiltərə millisi dörddəbir finalda Fransaya rəqib olub
İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatın pley-off mərhələsi çərçivəsində İngiltərə millisi “Əl Beyt” stadionunda Seneqal yığması ilə üz-üzə gəlib.
Salvadorlu baş hakim İvan Bartonun idarə etdiyi oyunda hesab 39-cu dəqiqədə açılıb. Cordan Henderson İngiltərə millisini hesabda önə keçirib. Matçın 45+3-cü dəqiqəsində Harri Keyn baxımlı qola imza ataraq hesab arasındakı fərqi artırıb. İngiltərə seçməsi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 57-ci dəqiqəsində ingiltərəli futbolçu Bukayo Saka üçüncü topu Seneqal millisinin qapısından keçirib. Bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, İngiltərə millisi Seneqal yığmasına 3:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Dörddəbir final mərhələsində İngiltərə millisi Fransa seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin