Abşeronda məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində 50 saylı Abşeron üçüncü seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.
Bugünkü treninqdə seçki dairəsinin tərkibində olan 42 seçki məntəqəsinin sədr və katibləri iştirak edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) “Trenerlər üçün treninq” kursunda iştirak etmiş dairə üzrə ekspert qrupunun rəhbəri Mətanət Abbasova bildirib ki, beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçiriləcək.
Treninqdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.