Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi açılıb
Mayın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5-ci Karyera Sərgisi təşkil olunub.
Sərgidə 3000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim edilib.
Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 80-ə yaxın dövlət qurumu və özəl şirkət ümumilikdə 600-dək vakansiya və təcrübə proqramı təqdim edib.
Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetdə ənənə halına çevrilən sərginin tələbə və məzunlara karyera yolunda böyük dəstək verdiyini vurğulayıb.
AZMİU-da ölkə iqtisadiyyatının sahələri üzrə 53 ixtisasda bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığının həyata keçirildiyini deyən rektor sərgidə, demək olar ki, bütün ixtisaslar üzrə vakansiyaların təklif olunduğunu qeyd edib.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında “Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun nümayəndəsi Samirə Həsənova, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev, “PAŞA İnşaat” MMC-nin layihə direktoru Dinçer Filiz və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşov çıxış edərək tələbə və məzunlara uğurlar arzulayıblar. Onlar ali təhsil və istehsalat müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, məzunların karyera imkanlarının artırılması üçün belə sərgilərin əhəmiyyətini diqqətə çatdırıblar.
Daha sonra sərgi ilə tanışlıq olub. Rektor Gülçöhrə Məmmədova qonaqlarla birgə stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, təqdim olunan vakansiya və təcrübə proqramları ilə maraqlanıb.
İştirakçı qurumlar tərəfindən inşaat, memarlıq, dizayn, nəqliyyat, energetika, su təsərrüfatı, neft-qaz mühəndisliyi, kommunikasiya sistemləri, informasiya texnologiyaları, satış və marketinq, kənd təsərrüfatı, bank işi, maliyyə və digər sektorlarda vakansiyalar, həmçinin təcrübə proqramları təklif olunub.
Sərgidə işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri həyata keçirən dövlət və özəl müəssisələr, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), SOCAR, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azəryol Elmi-Tədqiqat Layihə” İnstitutu, Əmlak Məsələləri Dövlət Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “PROYAPI” mühəndislik və müşavirlik şirkəti, “PMD” Projects MMC, “Azərgold”, “Azərsu” ASC, “Embawood” MMC, “Holcim”, “Zaferoğlu” İnşaat MMC, Kapital Bank, Yelo Bank, Beynəlxalq Bank, “Metak” şirkəti, “Veysəloğlu” MMC, “Təmiz Şəhər” ASC, “AzVirt” MMC, eləcə də digər şirkətlərin vakansiyaları sərgiyə çıxarılıb.
Şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar, təcrübə proqramları barədə ətraflı informasiya veriblər və iş axtarışında olan gənclərin suallarını cavablandırıblar.
Qeyd edək ki, sərgidə digər ali təhsil müəssisələrinin də tələbə və məzunlarının iştirakı üçün şərait yaradılıb.