Xəbərdarlıq: İyunun 11-12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
İyunun 11 və 12-si əsasən gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
Çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.