Zəfər Günü - hər zaman qürurla xatırlanacaq bir tarixdir
Otuz ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücaəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu.
44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.
Müharibədə qazandığımız Qələbə sanki yeni azərbaycanlı obrazını yaratdı. Qələbədən sonra dünya artıq bizə başqa gözlə baxır. Bu ovqatı qorumaq və əbədi yaşatmaq hər birimizin borcudur. Dövlət-xalq-ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək.
Hərbi əməliyyatlar nəticəsində 44 gün davam edən xalqımız tarixi qələbə qazanmış, azərbaycan ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il səkkiz noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 8 noyabr Zəfər Günü - hər zaman qürurla xatırlanacaq bir tarixdir.
Abbas Əliyev,
YAP Abşeron rayon təşkilatının sədri