"Mən düzgün və açıq danışmağı sevirəm” - Yeni deputatla MÜSAHİBƏ
Nigar Məmmədova: "Belə ağır yükün altından hər dövlət çıxa bilməz"
Milli Məclisin deputatı Nigar Məmmədova redaksiyamızın qonağı olub. VII çağırış Milli Məclisin deputatı Nigar Məmmədova bundan əvvəl bir sıra dövlət qurumlarında çalışıb. Deputat olmazdan öncə onun son iş yeri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi olub.
Modern.az saytı ilk dəfə parlamentə üzv seçilən Nigar Məmmədova ilə müsahibəni Xırdalan informasiya agentliyi olaraq təqdim edir:
- Nigar xanım, öncə ondan başlayaq ki, fərqli qurumlarda rəhbər vəzifələrdə çalışmış xanım ali qanunverici orqanda təmsil olunmaq qərarına necə gəldi?
- Qeyd etdiyiniz kimi, mən uzun illər müxtəlif sahələrdə çalışmışam. 2018-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərmişəm.
Məlumat üçün deyim ki, hələ 2001-ci ildən imtahan verib vergi orqanlarına işə başlamışam. Vergilər Nazirliyində əsas işim beynəlxalq müqavilələrlə bağlı olub. Protokol xidmətinin rəhbəri olmuşam. Hökumətlərarası komissiyanın katibliyində işləmişəm. Talassemiya layihəsinə koordinatorluq etmişəm.
Dövlət orqanlarında işləyə-işləyə həm də vətəndaşlarla sıx şəkildə ünsiyyətdə olmuşam.
2018-ci ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyətə başlamışam. Orada da protokol xidmətində çalışmışam. Əlbəttə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqaməti vergi orqanlarından tamam fərqlidir.
Son iki ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində çalışdım. Orada mən həssas əhali qrupları ilə çox sıx şəkildə işlədim. Onların problemləri, cəmiyyətə inteqrasiyası sahəsində üzərimə düşən yükü götürməyə, mənə olan etimadı doğrultmağa çalışdım. Deyə bilərəm ki, bütün bunlar məni ali qanunverici orqana hazırladı.
Yeni Azərbaycan Partiyası deputatlığa namizədliyimi irəli sürəndə təşviqat prosesində empatiya duyğusu və ürəklə iştirak etdim. Əhali ilə bir arada olmağım, onları hiss etməyim bu prosesi uğurla aparmağıma müsbət mənada böyük təsir göstərdi.
- Maraqlıdır, fərqli və çox vacib icra qurumlarında çalışmış xanım deputat indi insanların hansı məsələlərini qaldırmağı hədəfləyir?
- Mənim üçün əsas məsələ bu formuldur: vətəndaşı hiss etmək, onun qayğısına qalmaq, müdafiə etmək...
Burada söhbət vətəndaşı müdafiə edərək onu maarifləndirmək, hüquqlarını ona aşılamaqdan gedir. Çünki elə vətəndaş var ki, hansısa məsələni problem kimi görür. Məqsəd ona əsas mahiyyəti düzgün izah etməkdir.
Bu gün dövlətimiz tərəfindən bütün istiqamətlərdə islahatlar aparılır. Cənab Prezidentin apardığı siyasətin mərkəzində vətəndaş dayanır. Vətəndaşı maarifləndirmək lazımdır ki, öz hüquqlarından məlumatlı olsun. Elə vətəndaşlar var ki, hüquqlarından azacıq məlumatsız olması məsələləri ona problem kimi hiss etdirir. Əsas hədəf vətəndaşın yanında olmaqdır. Vətəndaş seçdiyi millət vəkilinin onun yanında olduğunu hiss edəndə, özgüvəni artır. O, aidiyyəti istiqamət üzrə materialı da, məlumatı da daha tez qavrayır. Əsas vəzifə vətəndaşın yanında olmaq, ona maksimum empatiya hissini ötürməkdir. Mənim üçün əsas formul budur.
Bu formulun uğurlu olmasını mən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də görmüşəm. Çünki sənin yanına gələn hər kəsin probleminin olması mütləq deyil. Yenə deyirəm ki, bəzən problem kimi görünən məsələ, əslində, adi hal olur. Sadəcə vətəndaş onun problem olduğunu düşünür. Amma o, dəstək hiss edəndə, məsələni düzgün mənimsəyəndə problem də aradan qalxır. Əlbəttə, problemlər də olur, bunu inkar etmirəm. Bəzən vətəndaş məktubu hara yollamağı, sosial məsələlər və ya işlə bağlı hansı sahəyə yönlənəcəyini bilmir. Bütün bunların başında diqqət-qayğı, müdafiə dayanır. Vətəndaşın qazanacağı uğur, sənin düzgün yönləndirməyindən, diqqət və qayğından, empatiyandan, əl tutmağından asılıdır.
- Milli Məclisin deputatı olmağınızın dördüncü ayıdır. Maraqlıdır, seçicilər daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?
- Sosial, təhsil, səhiyyə və digər müxtəlif sahələrlə bağlı müraciətlər olur. Yenə deyirəm, əsas məsələ vətəndaşı dinləmək, onun fikirlərini öyrənməkdir. Mənim üçün bu müraciətləri fərdi şəkildə eşidib təhlil etmək və incəliklərinə varmaq önəmlidir. Mən bir vətəndaşı dinləməyə çox vaxt ayırıram. Yəni vətəndaşı 2-3 dəqiqə dinlə, bitdi -belə yanaşmam yoxdur. Azı 15-30 dəqiqə arası onları dinləyirəm. Vətəndaşa geridönüş də edirəm.
Bu, mənə keçmişdən qalan təcrübədir. Məsələnin nə yerdə qaldığını öyrənirəm. Bu gün dövlət qurumları da müraciətlərə çox operativ münasibət bəsləyir..
- Yeri gəlmişkən, Milli Məclisin iclasları zamanı bir sıra deputat həmkarlarınız onlara vətəndaşlar tərəfindən işsizliklə bağlı müraciətlərin olduğunu dilə gətirirlər. Sizə də belə müraciət edilibmi? Elə olubmu ki, sizə işsizliklə bağlı müraciət edilib, siz onun işlə təmin olunmasına kömək göstərmisiniz?
- İşsizliklə bağlı müraciətlər də olur. Mən belə müraciət edən şəxsləri aidiyyəti üzrə yönləndirmişəm. Müvafiq icra orqanları, digər dövlət orqanları öz köməkliklərini göstərirlər. Məşğulluq yarmarkaları keçirilir. Bu yaxınlarda Abşeronda məşğulluq yarmarkası keçirildi. Bilirsiniz, bu, çox individual məsələdir. Mən düzgün və açıq danışmağı sevirəm.
Yaşla bağlı məsələ var. Məşğulluq yarmarkasında müvafiq yaşlara uyğun vakant yerlər elan edilir. Məşğulluq Agentliyi iş yeri çıxarmır, ona şirkətlər müraciətlər edirlər. Vətəndaşlar gəlib həmin vakansiya yerlərinə müraciət edirlər. Məsələn, iki nəfərin iş tələbi var. Həmin şəxslərin tələbinə uyğun iş yeri olmayacaqsa, “Məşğulluq Agentliyi bunu təmin etmədi, millət vəkili yolladı, onu qəbul etmədilər” demək doğru deyil.
- Siz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüsünüz. 2025-ci ilin büdcəsi qəbul edildi. Gələn ilin büdcəsinin sosialyönümlü olduğu bildirildi. Lakin bununla bağlı fərqli düşünənlər də var. Sizin düşüncələrinizi eşitmək istərdik...
- Cənab Prezidentin apardığı siyasətin mərkəzində vətəndaşın sosial rifahı dayanır. 2025-ci ilin büdcəsində sosialyönümlü xərclər prioritet təşkil edir. Büdcə zərfi makroiqtisadi sabitlik, iqtisadi-sosial siyasət prinsiplərinin əsas hədəflərini müəyyən edir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır. Təsadüfi deyil ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur. Növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılması əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bariz nümunəsidir. Təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edəcək. Eyni zamanda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir. Ümumiyyətlə, artıq üç ildir ki, ehtiyac meyarı yaşayış minimumuna bərabər tutulur. Bir sözlə, növbəti ildə də insanların sosial rifahının təmin olunması prioritet olacaq.
- Nigar xanım, 2024-cü ilin bitməsinə sayılı günlər qalır. Sanki dünya 2025-ci ilə daha qorxulu gündəmlə gedir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvü olaraq prqornozlarınız necədir?
- Bəli, 2024-cü il dünyanın geosiyasi mənzərəsi sabit olmadı. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik pik həddə çatdı, Suriyada Əsəd rejiminin devrilməsi 2025-ci ildə də gərginliyin davam edəcəyini söyləməyə əsas verir. Suriyanın xəritəsi yenidən cızılır. Əslində Suriyada Əsəd rejiminin devriləcəyi əvvəldən bəlli idi. Çünki ölkə acınacaqlı vəziyyətdə idi. On ildən çoxdur, davam edən vətəndaş müharibəsi, terror qruplaşmalarının fəallığı, ölkənin böyük güclərin poliqonuna çevrilməsi burada hakimiyyət dəyişikliyini labüd edirdi. Artıq Suriyada yeni mərhələ başlayır. Ölkənin bayrağı kimi xəritəsi də yenilənir. Əsas məsələ budur ki, yeni mərhələdə Suriya xalqının hüquqlarının qorunması təmin olunsun. Yeni hökumət Əsəd rejiminin səhvlərini təkrarlamamalıdır. Eyni zamanda böyük güclərin Suriya başda olmaqla Yaxın Şərqdə öz maraqlarını necə təmin edəcəyi də müəyyən suallar yaradır. Bir sözlə, münaqişələrin qısa müddətdə bitəcəyini söyləmək sadəlövhlük olar.
- Baş verən proseslər Azərbaycan üçün nə vəd edir?
- Azərbaycan çox uğurlu xarici siyasət həyata keçirir. Biz müharibədən yeni çıxmışıq. 30 il ölkəmizin ərazisi işğal altında olub. Bizim haqq işimizə ikili standartlardan yanaşılıb. Sonda Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu da ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, qətiyyət nəticəsində, məhz Ali Baş Komandanın dəmir iradəsi ətrafında birləşən güclü ordu tərəfindən əldə olunan zəfərdir.
Azərbaycan ən həssas coğrafiyada yerləşir. Cənubi Qafqaz da bir çox güclərin maraqlarının toqquşduğu regiondur. Ölkəmiz heç vaxt kənar güclərin regionda təhlükəsizlik balansını pozmasına imkan verməyib. Təcrübə göstərir ki, hər şey cəmiyyətin və dövlətin monlitliyindən asılıdır. Biz cəmiyyət və dövlət olaraq çox sınaqlardan üzüağ çıxmışıq. Heç vaxt təsir altına düşməmişik. Ancaq qonşu ölkələrə baxdıqda destruktiv qüvvələrin təsirlərini, regionda gərginlik yaratmaq cəhdlərini görürük. Hesab edirəm ki, həmin dövlətlər bu cür pozucu qüvvələrin təxribatlarına uymamalıdır. Çünki regionun bir ölkəsində sabitliyin pıozulması bütövlükdə bölgənin düzənini pozur. Bu risklərin qarşısının alınmasında bütün dövlətlər vahid mövqedən çıxış etməlidir. Yəni, Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi hər üç region ölkəsi üçün prirotet olmalıdır.
Mən ötən ay ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 konfransını da xatırlatmaq istəyirəm. Belə nüfuzlu tədbirlərə ev sahibliyi edən ölkələrdə sabitlik və təhlükəsizlik ilkin şərtdir. Bu mənada Azərbaycan əsl nümunə sərgilədi.
COP 29 çərçivəsində kiçik ada dövlətləri üçün platforma yaratmaq da başqa bir müstəvidir. Azərbaycan inklüzivlik yaradır. Bunu daha dərindən təhlil edə bilərik. Azərbaycan gənc ölkədir, müstəqilliyini bir neçə on il əvvəl bərpa edib. Bunu nəzərə aldıqda Azərbaycanın nailiyyətləri çox böyük uğurdur.
- Müharibələr həm də insanların sosial durumunu dözülməz hala gətirir. Bununla bağlı araşdırmalarınız varmı?
- Əlbəttə. Müharibənin insanların sosial durumuna təsirləri ilə bağlı ən dəhşətli nümunəni biz Ermənistanın 30 illik işğalı dövründə şahidi olmuşuq. 1 milyona yaxın azərbaycanlı öz doğma yurdundan didərgin düşdü, qaçqın və məcburi köçkün həyatı yaşadı. Xalqımız etnik təmizləməyə, soyqırıma məruz qaldı. Müstəqilliyin ilk illərində torpaqların işğalı, üstəlik bu cür humanitar fəlakət təbii ki, dözülməz idi. Amma Azərbaycan dövləti bu böhranların öhdəsindən gəldi. Ölkəmizdə məcburi köçkünlərin sosial rifahının təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı dövlət proqramları icra olundu. Dövlət hər zaman cəmiyyətin bu həssas təbəqəsinin yanında oldu. Mənəvi-maddi dəstək göstərildi. Amma etiraf etməliyik ki, hər dövlət, hər cəmiyyət müharibənin, onun yaratdığı humanitar fəlakətin sınağından çıxa bilmir. Belə ağır yükün altından hər dövlət çıxa bilməz. Bu mənada bütün dövlətlərin, regionların dayanıqlı sülh və təhlükəsizliyə ehtiyacı var. Sabitlik və sülh həm də insanların sosial rifahına xidmət edir.
Yeri gəlmişkən, COP29 zamanı Azərbaycan atəşkəs təşəbbüsünü irəli sürəndə 130-a yaxın ölkə onu dəstəklədi. Mən COP29 çərçivəsində keçirilən panel icasların birində çıxış edərkən atəşkəs təşəbbüsünə toxunduqda əcnəbi iştirakçılar, inanın, 2-3 dəfə alqışladılar. Çünki bütün bəşəriyyətin sülhə ehtiyacı var. Həmin əlçalma emosianal yanaşmaydı, o demək idi ki, biz tam olaraq təşəbbüsü dəstəkləyirik. Müharibələr həm də ekologiyanı, kənd təsərrüfatını,ətraf mühiti dağıdır.
Ona görə də COP29-da iştirak edən dövlətlər atəşkəs məsələsinə çox həssas yanaşırdılar. Bu o demək deyil ki, həmin ölkələrdə müharibələr olub və ya bu gün yaşanır. Sadəcə olaraq, məntiqlə düşünəndə anlamaq olur ki, müharibələr qandır, aclıqdır, susuzluqdur, ölümdür. İnsanlıq buna qarşı olmalıdır.