Abşeronda " Konstitusiya və suverenlik ili " çərçivəsində bilik yarışı keçirilib

Abşeronda " Konstitusiya və suverenlik ili " çərçivəsində bilik yarışı keçirilib

 

 

 

Abşeron rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik İli"nə həsr olunan “Breyn-rinq” intellektual oyunu üzrə rayon çempionatı keçirilib. İntellektual yarış Abşeron Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
 
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğaldan azad olunan bütün ərazilərdə bərqərar olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini vurğulayıb. G.Rəhimova həmçinin qeyd edib ki, intellektual oyunun keçirilməsində məqsəd gənc nəslin hüquqi biliklərini artırmaq və onları maarifləndirmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
 
Daha sonra çıxış edən Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva iştirakçılara uğurlar arzulayıb, çempionatın keçirilməsində əsas məqsədlərdən birinin də respublika turnirlərində iştirak üçün rayon komandasını formalaşdırmaqdan ibarət olduğunu bildirib.
 
Gərgin və maraqla keçən intellekt mübarizəsində rayonun 8 tam orta məktəbini təmsil edən komandalar iştirak edib.
 
Oyunun yekun nəticələrinə əsasən Xırdalan şəhər 2 saylı tam orta məktəbin "Zəfər" komandası I, Xırdalan şəhər 1 saylı tam orta məktəbin "Ada" komandası II, Xırdalan şəhər 3 saylı tam orta məktəbin "Uğur" komandası isə III yeri qazanıb.
 
Sonda qalib komandalar Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunub.